Abuzər Bağırov
Yazıçı, filologiya elmləri doktoru, RF XİN Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun professoru, AYB Moskva bölməsinin sədri
QAYIDIŞIN TƏMƏL VƏSİLƏSİ
Ulu Öndərimiz Heydər Əliyevin
1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı
Daimi nümayəndəliyinə gəlişinin
unudulmaz məqamları
Vətən tariximizdə qanlı izlər buraxmış, milli özünüdərk prosesində çox vacib rol oynamış, milli oyanışımızda, milli həmrəyliyimizdə əvəzsiz missiya yerinə yetirmiş 1990-cı il xeyirliklə başlamamışdı. Doğma Bakımızdan ilin ilk günlərindən yaşadığımız Moskva şəhərinə durmadan bir-birindən həyəcanlı xəbərlər gəlməkdə idi.
Respublika rəhbərliyinin idarəetmə mexanizmini, əsasən, əldən verdiyi aydın görünürdü, demokratik qüvvələrin isə idarəçilikdəki səriştəsizliyi qarma-qarışıq bir ictimai-siyasi durum yaratmışdı. Hakimiyyət boşluğu, yarıcan idarə üsulları təkcə Bakını deyil, bütün Azərbaycanı qorxunc olaylara aparırdı. SSRİ mərkəzi hökumətinin güc qurumlarının — Dövlət Təhlükəsizlik Komitəsinin, Müdafiə və Daxili İşlər nazirliklərinin Azərbaycanda gözgörəti fəallaşma mərhələsinə keçmələri gedişatın heç də xoşməramlı sonluqla bitəcəyinə zəmanət vermirdi. Bütün bu həyəcanlı və təhlükəli məqamları saf-çürük etmək, vəziyyətə mümkün qədər obyektiv qiymət vermək, nələrin nə şəkildə baş verəcəyi təqdirdə nə iş görə biləcəyimizi, özümüzü nə formada aparacağımızı, bir-birimizə və yaxud doğma Vətənə necə kömək edəcəyimizi müəyyənləşdirmək üçün o vaxtlar Moskvada daimi yaşayım bir qrup fəal azərbaycanlı ziyalı bir araya toplaşdıq və ictimai baxımdan cəld təşkilatlandıq, az sonra çox səmərəli bəhrələr verəcək əməli işlərə başladıq. Təşəbbüsü ortaya atan mən idim, dəstəkləyənlər isə məşhur şairə, tərcüməçi Alla Axundova, texnika elmləri doktoru, professor Zahid Qocayev, fəlsəfə elmləri doktoru, professor Rafiq Qurbanov, hüquq elmləri doktoru, professor Tofiq Qəndilov, tanınmış jurnalist Fərhad Ağamalıyev, şair Tahir Aslanlı, şair, publisist Valeh Rzayev, filosof Tamella Əhmədova olmuşdular.
Tez-tez bu ziyalılarımızın mərkəzi və respublika mətbuatında müxtəlif yazılarla, təhlillərlə, bəyanatlarla çıxışlarını təşkil etməyə başladıq. SSRİ Elmlər Akademiyasının müxbir iizvii, tarix elmləri doktoru, məşhur yaponşünas, “Voprosı istorii” elmi jurnalının baş redaktoru Əhməd Əhmədov, SSRİ Xalq rəssamı Tahir Salahov, kinorejissor, SSRİ Xalq artisti Əjdər İbrahimov, dramaturq, nasir, kinorejissor, Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyov, Rusiyanın Əməkdar rəssamı Cahid Camal, filologiya elmləri doktoru, professor Xalıq Koroğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Səid Ələsgərov, şərqşünas, tarixi romanlar müəllifi Əbdül Hüseynov, texnika elmləri doktoru, professor Nazim Sultanzadə, tibb elmləri doktoru, professor Svetlana Qasımova, şair, publisist Sultan Mərzili, tarixçi, publisist, şair Əliş Əvəz, tarixçi Aidə Quluyeva və digər ziyalılarımızın hər biri obyektiv Azərbaycan gerçəkliklərinin paytaxtın söz anlayan, həqiqət eşitmək istəyən təbəqəsinə çatdırılması işində coşqun publisistə, təbliğatçıya, təşviqatçıya çevrilmişdi.
Bədnam “Qorbaçov yenidənqurması” keçən yüzilliyin 80-ci illərində Ermənistanda baş qaldırmış açıq-aşkar separatizm və şovinizmi o dərəcədə körükləmişdi ki, ermənilərin milli təkəbbür hissini kütləvi şəkildə ovxarlı baltaya çevirmişdi. Mərkəzi hakimiyyətin bir dəstə erməni “ziyalılarına” yaltaqlığı nəticəsində Dağlıq Qarabağdakı “miatsum” bağıranlar millətlərarası ədavəti, nifrəti qızışdırıb, ədalətsiz və işğalçı müharibəyə gətirib çıxardılar. Hadisələrin lap başlanğıcından — 1988-ci ilin fevralından yüzdəyüz görünürdü ki, həm sovet xalqına, həm də bütün dünyaya mərkəzi kütləvi informasiya vasitələri tərəfindən regionda baş verənlər haqqında diqqətlə düşünülmüş yalan-yanlış və böhtan dolu informasiyalar çatdırılırdı. Millətlərarası yanğını alovlandıranlar erməni tərəfi incitməkdən qorxaraq, bir qayda olaraq, yaranmış vəziyyətin ilkin səbəbinin üstündən, təqsirkar tərəfin adının açıqlanmasından sükutla keçirdilər. Məhz Dağlıq Qarabağdakı qanlı hadisələr doğma Azərbaycanımızı ağrılı-acılı, fəlakətli günlərə sürükləyirdi. Demokratik düşüncəli, müdrik insanlarımızın çoxu bu dəhşətlərin aşkar əlamətlərini o zaman da aydın görürdü, lakin bütövlükdə Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik, hərcmərclik, hakimiyyət davası millətimizi Qara Yanvara aparan yoldan çəkindirmək şansımızı əlimizdən almışdı. Lap açığını desək, xalqımız məkrli düşmən qarşısında başlı-başına, Allah ümidinə qalmışdı.
O çağlarda hökumətə rəhbərlik etməkdən çox millətə başbilənlik etmək lazım idi, millət Lideri, millət Öndəri gərək idi! O vaxtlar millətimizin dağ boyda belə bir kişisi SSRİ DTK-nın ciddi nəzarəti altında Moskvada yaşamağa məcbur edilmişdi. Azərbaycanın xalq yazıçısı Elmira Axundovamn 2020-ci ildə Moskvada “Kanon+” nəşriyyatında çap olunmuş “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin ikinci cildinin 574-cü səhifəsində Ulu Öndərimizin özünün söylədiyi sözlər onun həmin illərdəki durumunu aşkar göstərir: “O dövrdə Sov.İKP MK-nın göstərişi ilə mən tam DTK-nın nəzarəti altında idim. Mən Bakıya qoşun yeridilməsini kəskin tənqid edəndən və bu barədə xarici kütləvi informasiya vasitələrinə müsahibələr verəndən sonra həmin nəzarət daha da gücləndi…”
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə doğma Bakımızda dəhşətli fəlakət haqladı bizi, sovet ordusu toplu-tüfəngli, tanklı-təyyarəli, təpədırnaq silahlanıb amansızcasına tökülüşdülər üstümüzə. Yaylım atəşinə tuş gələn günahsız insanların son nəfəsindəki fəryadı ərşə dirəndi. Şəhəri alt-üst elədilər haytalarından dilsiz-ağızsız binaları güllələyirdilər, qan su yerinə axıdıldı…
Heç şübhəsiz, Moskvada qanlı, Qara Yanvar günlərindəki hadisələrin zirvəsi 1990-cı il yanvarın 21-də Ümummilli Liderimiz Heydər Əliyevin oğlu İlham Əliyevlə birgə Azərbaycanın Daimi nümayəndəliyinə gəlməsi və mətbuat konfransında fəal iştirakı çox böyük və vacib hadisə idi. O, Rusiyanın, həmçinin dünyanın müxtəlif telekanal, radiostansiya və mətbuat orqanlarına müsahibələr verdi, çoxsaylı analitik ifşaedici çıxışlar etdi. Nəticədə informasiya blokadasını dağıtmaq və dünya ictimaiyyətinə təkcə Bakıda baş verənlər barədə deyil, həm də Azərbaycandakı qanlı hadisələrə səbəb olan Qorbaçov komandasının “saman altdan su yeritmə” siyasi oyunları haqqında mötəbər, dəqiq və obyektiv gerçəkliyi çatdırmaq mümkün oldu. Ümumittifaq dərəcəli fərdi təqaüdçü statusuna baxmayaraq, vaxtilə çox yüksək rütbəli dövlət xadimi olmuş, həqiqi mənada dünya miqyasında məşhur bir şəxsiyyət və siyasətçinin — millətimizin fəxri, dahi Heydər Əliyevin dilindən həmin günlərdə səslənən hər bir haqq kəlmə beynəlxalq informasiya məkanında, doğrudan da, son dərəcə heyrətamiz təsir gücünə malik idi və bomba kimi partlayırdı…
Həmin gün səhər saat 11 radələrində nümayəndəliyin qarşısındakı meydana ən azı 10 mindən artıq soydaşımız toplaşmışdı. Həmin gün paytaxtın Arbat deyilən ərazisində yerləşən SSRİ Silahlı Qüvvələrinin Mərkəzi Qərargahına yürüş edib orada mitinq keçirməyi qərara almışdıq. Qəfildən izdiham hərəkətə gəlməyə başladı, adamlar nümayəndəliyin binasına tərəf axışırdı. Öncə nə baş verdiyini anlamadıq. Ucaboylu general Mırikov sağa-sola boylandı və təmkinlə mənə dedi:
— Heydər Əliyev gəlib! Qarşılamaq lazımdır.
Cəld bir neçə nəfər özümüzü ağsaqqalın yanına yetirdik və ehtiramla təzim edib onlarla əltəmən görüşdük. Hamı bu dahi şəxsiyyətə yaxınlaşıb onunla səmimi görüşmək istəyirdi. Camaatın öz BÖYÜYÜNÜ belə mehriban, səmimi qarşılaması hamını mütəəssir etmişdi. Gözlənilmədən izdihamdan sidq-ürəkdən qopan nidalar ucalmağa başladı: «Yaşasın Heydər Əliyev!», «Var olsun xalqın müdrik ağsaqqalı!», «Heydər Əliyev Azərbaycanın milli dəyəridir!”, “Heydər Əliyev xalqımızın qürur mənbəyidir!”, “Allah Sizi qorusun!” və digər riqqətli deyimlər kütlə tərəfindən coşqunluqla ucadan təkrar olunurdu.
Bu nəhəng şəxsiyyət şüarları dinləyə-dinləyə məndən bu gün nə iş görəcəyimizi soruşdu. Planımızı söylədim, gözlərini qıyıb bir anlıq fikrə gedəndən sonra dedi:
— Çox ehtiyatlı olun. Sizin getdiyiniz küçələrin sağı da, solu da silahlı milis işçiləri ilə dolu olacaq. Sizi dağıtmaq üçün onlar hər an hazır vəziyyətdə gözləyirlər. Küçədə öz aranızda heç bir mübahisə etməyin. Bu iş sənə tapşırılıbsa, orada hamı bir nəfər kimi səni eşitməlidir. Çək-çeviriniz olsa, qayıdanda burada ayırd edərsiniz. Bunu mən sənə DTK generalı kimi məsləhət görürəm.
Mən şəxsiyyətinin böyüklüyünə hər zaman baş əydiyim, qürur duyduğum, SSRI-nin barmaqla göstərilən, təcrübəli, peşəkar generalına dünənki yürüş, mitinq, soydaşlarımızın özünü son dərəcə nizam-intizamlı aparması barədə həvəslə məlumat verdim. O razı qaldı, belə də davam etməyi tapşırdı və əlimdəki səsgücləndiricini istədi. Ulu Öndər belə mehriban qarşılandığı üçün kövrək, lakin ötkəm səslə hamıya təşəkkür etdi və dedi ki, “xalqımızın belə günündə, qanı tökülən zamanında mən evdə otura bilməzdim”. Dedi ki: “Mən də Azərbaycan xalqının övladıyam. Bura gəldim ki, sizinlə bir yerdə olum. Bu mənim tərəfimdən çox riskli addımdır. Özüm üçün də, oğlum üçün də, ailəm üçün də. Amma mən başqa cür hərəkət edə bilməzdim. Bu gün xalqımın yanında olmalıydım və indi burdayam…”
Hıçqırıq qarışıq xeyirxah dualar, göyə qalxmış əllərdən qopan alqış sədaları, gur-gur guruldayan nidalar, ucadan dilə gətirilən şüarlar ərşə bülənd olmuşdu.
Başı qan xallı lənətə gəlmiş Qorbaçovun paxıllıq və qısqanclıqdan qaynaqlanan bəd niyyətinin nəticəsində uca məqamından haqsız yerə uzaqlaşdırılmış, üç ilə yaxın küskün və sakit ömür sürən dünya miqyaslı nəhəng siyasətçi, əzəmətli şəxsiyyəti Daimi nümayəndəliyin sədrinim otağına yola saldıq. Orda ağsaqqal ziyalılarımız, görüb-götürmüş kişilər əyləşmişdilər: Tahir Salahov, Əjdər İbrahimov, Rüstəm İbrahimbəyov, Əhməd Əhmədov, Cahid Camal, Xalıq Koroğlu, Səid Ələsgərov, Əbdül Hüseynov və başqa ziyalılar Heydər Əliyevi sevinclə qarşıladılar, səmimiyyət, mehribanlıq göstərdilər…
Həmin gün hamı belə bir KİŞİNİN təşrifindən açıq-aşkar qürur duyur, özümüzü arxalı-dayaqlı hiss edirdik. Belə coşqun hisslər orada toplaşan hər bir azərbaycanlının qəlbinə hakim kəsilmişdi. Pasibanımız gəlmişdi, xalqımızın ləyaqətli oğlu, canıyananı, sahibi xalqın arasında peyda olmuşdu. Gözümüz önündə YENİ AZƏRBAYCANIN mahir memarı zühur edirdi, MÜSTƏQİL AZƏRBAYCANIN siyasət şiri-pələngi ayılırdı! Mən şahidi olduğum həmin tarixi dəqiqələri tutalğac edib, tam qətiyyətlə söyləyə bilərəm ki, Ulu Öndərimizin böyük siyasət aləminə qayıdışının təməl vəsiləsi məhz 1990-cı ilin 21 yanvarı oldu. Müdrik Heydər Əliyev həmin gün Moskvada Daimi nümayəndəlikdə Azərbaycan xalqının rəngarəng sosial modeli ilə qarşılaşdı: ziyalılar, bazar adamları, müxtəlif təhsilli, müxtəlif peşəli, müxtəlif səviyyəli insanlar, kişilər, qadınlar, yaşlılar, gənclər… Hamının yekdil rəğbətini, etibarını, inamım, mehribanlığını, istəyini öz gözləri ilə, əyani şəkildə görən; dövlət xadiminə, siyasətçiyə uğur qazanmaq üçün hava və su kimi gərək olan xalq sevgisini, xalq dəstəyini bütün varlığı ilə duyan ULU ÖNDƏRƏ başqa yol qalmırdı. Unudulmaz HEYDƏR ƏLİYEVİN həmin gün seçdiyi yol məhz xalqına xidmət yolu idi! Min şükürlər o günə və o seçimə!