Filologiya elmləri doktoru, professor Abuzər Musa oğlu Bağırov 1954-cü il dekabr ayının 17-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Miskinli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1971-1975). ’’Azərbaycan ədəbiyyatı” və Dünya ədəbiyyatı” (rus ədəbiyyatı) ixtisasları üzrə ’’Yevgeni Eduardoviç Bertels Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi” mövzusunda fəlsəfə doktorluğu (2007), ’’Azərbaycan ədəbiyyatı Moskva ədəbi-mədəni mühitində” (2018) mövzusunda elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, professor elmi adını almışdır (2019).
Gənc yaşlarında pedaqoji fəaliyyətə başlayan alim Biləsuvar rayonu (1976-1977) və Bakı şəhərinin orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində Natəvan adına Yazıçılar klubunun müdiri, Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru vəzifələrində çalışmışdır (1978-1980).
Öz elmi və yaradıcılıq fəaliyyətini 1980-ci ildən Rusiyada davam etdirən tanınmış tədqiqatçı Moskva şəhərində yerləşən Peredelkino adına SSRİ Ədəbiyyat fondunda şöbə müdirinin müavini (1981-1988) olmuşdur.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Əlaqələr Universitetinin professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisidir.
1989-cu ildən SSRİ Jurnalistlər Birliyinin və SSRİ Yazıçılar İttifaqlarının üzvü olmuşdur. Hazırda Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvüdür.
2018-ci ildən Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin sədri kimi elmi və ictimai sahədəki fəaliyyətini uğurla həyata keçirir.
Filologiya elmləri doktoru, professor Abuzər Bağırovun elmi axtarışları bütövlükdə Azərbaycan yazılı və şifahi ədəbiyyatının tarixinə, həmçinin Azərbaycan-rus ədəbi əlaqələrinin tədqiqi və təbliğinə həsr olunmuşdur.
6 fundamental monoqrafiyanın müəllifi olan alimin AMEA alimlərinin elmi redaktorluğu və mənəvi dəstəyi ilə ərsəyə gəlmiş «Moskvalı azərbaycanlılar” (Bakı: 1989, rəyçi Xalq şairi Bəxtiyar Vahabzadə), ”Y.E.Bertels və Azərbaycan ədəbiyyatı” (Bakı: 2007, elmi redaktoru akademik Teymur Kərimli), «Moskvalı azərbaycanlı şairlər. Monoqrafiya-antologiya” (rus dilində, Moskva: 2015, redaktoru Georgi Pryaxin), ’’Moskvada Azərbaycan ədəbi mühiti” (rus dilində, Moskva: 2017, elmi redaktoru akademik Teymur Kərimli) və s. ölkəmizdən kənarda yaşayıb-yaradan azərbaycanlı alimlər haqqında dolğun məlumatların yer aldığı qiymətli mənbələrdir.
Professor Abuzər Bağırovun ’’Moskvadakı Azərbaycan ədəbi-mədəni mühit fenomeni” (Bakı: 2018, elmi redaktoru akademik Teymur Kərimli) adlı monoqrafiyasında ilk dəfə olaraq moskvalı azərbaycanlıların yaratdığı ədəbi-mədəni mühit, onun özünəməxsus xüsusiyyətləri tarixi-ədəbi və nəzəri-bədii baxımdan bütövlükdə və sistemli şəkildə tədqiq olunmuşdur.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və professor Abuzər Bağırovun birgə hazırladıqları və 2020-ci ildə Moskvanın məşhur «Xudojestvennaya literature” nəşriyyatı tərəfindən çap olunmuş ’’Azərbaycan — Turanın incisidir” (elmi redaktoru akademik Teymur Kərimli) monoqrafiya-antologiyası qloballaşma şəraitində müxtəlif xalqların ədəbiyyat və incəsənətinə, folkloruna və orijinal mədəniyyətinə xas olan milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, «Literaturnaya qazeta”nın və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun birgə layihəsi olan ’’Azərbaycan-Turanın incisidir” monoqrafiya-antologiyasını son illərdə Azərbaycan-Rusiya ədəbi əlaqələrində yeni bir addım kimi qiymətləndirmək olar.
2021-ci ilin mart ayında Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin ofisində ’’Azərbaycan-Turanın incisidir” monoqrafiya-antologiyanın təqdimat mərasimi keçirilmişdir. Şərq ədəbiyyatını, o cümlədən Azərbaycan ədəbiyyatını daha dərindən öyrənməyi arzulayanlar üçün mühüm elmi vəsait hesab edilən kitab Rusiyanın ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Görkəmli ədəbiyyatşünas alim Abuzər Bağırov Azərbaycan, rus və türk dillərində işıq üzü görmüş 20-dən artıq kitabın tərtibçisi, ön sözlərinin, izahların, məqalələrin müəllifi, naşiri, məsul redaktoru olmuşdur. ’’Azərbaycan xalq nağılları” (rus dilində, Moskva, 2008), «Azərbaycan xalq inciləri. Göydən üç alma düşdü”. Nağıllar, (rus dilində, Moskva, 2006), «Ulduz salxımı. MDB ölkələrinin klassik ədəbiyyatı. Azərbaycanın folkloru və ədəbi abidələri” (rus dilində, Moskva, 2009), ’’İlahi sözlər. MDB ölkələrinin klassik ədəbiyyatı. Azərbaycanın folkloru və ədəbi abidələri” (rus dilində, Moskva, 2010), ’’Qızıldan qiymətli. MDB ölkələrinin klassik ədəbiyyatı. Azərbaycanın folkloru və ədəbi abidələri” (rus dilində, Moskva, 2010, ’’Əbədi göylərin yelkəni altında. MDB ölkələrinin klassik ədəbiyyatı. MDB ölkələrinin folkloru və ədəbi abidələri” (rus və ingilis dillərində, Moskva,
- ’’Gələcəyə ismarıclar. MDB ölkələrinin klassik ədəbiyyatı. Azərbaycanın folkloru və ədəbi abidələri” (rus dilində, Moskva,
- İsa Həbibbəyli. ’’Ədəbiyyat. Zaman. Müasirlik” (rus dilində, məsul redaktoru Abuzər Bağırov. Moskva, 2016) və b. kitablarda Azərbaycan ədəbiyyatı və mədəniyyəti yüksək səviyyədə təbliğ olunmuşdur.
Professor Abuzər Bağırovun Azərbaycan, rus, ingilis, türk və qazax dillərində dünyanın müxtəlif ölkələrində nəşr olunmuş 200-dən artıq elmi, ədəbi-tənqidi, elmi-publisistik, publisistik məqaləsi dərc olunmuşdur.
2021-ci ildə qələmə aldığı ”Eşq və idrak şairi” (Nizami Gəncəvinin «İskəndərnamə” poemasında Kainatın yaranışı haqqında) adlı məqaləsi Rusiyada yaşayıb yaradan azərbaycanlı alimin ’’Nizami Gəncəvi İli”nə bəxş etdiyi layiqli töhfədir.
Gənclik illərindən poetik yaradıcılıqla məşğul olan alimin mətbuatda bir sıra lirik və fəlsəfi şeirləri dərc olunmuşdur. Vətən müharibəsindəki şanlı qələbəmizə, Ali Baş Komandanımızın misilsiz qəhrəmanlığına həsr olunmuş ’’Zəfər nəğməsi” poeması Azərbaycan, türk, urdu və ingilis dillərində vahid kitab halında qardaş Türkiyə Cümhuriyyətinin «Türk Ədəbiyyatı Vakfı” tərəfindən 2021-ci ildə rəngli fotolarla, nəfis şəkildə, böyük tirajla nəşr edilmişdir.
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və folklorunun MDB və Avropa ölkələrində, eləcə də ABŞ-da təbliğ olunmasında müstəsna xidmətləri olan filologiya elmləri doktoru, professor Abuzər Bağırova elmin məsuliyyətli yollarında uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Arzu MƏMMƏDXANLI
AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru
Mənbə: ELM (НАУКА) qəzeti №12, 15.04.2022 səh.8
ELM (НАУКА) qəzeti №12, 15.04.2022 səh.1-16