GÖZLƏRİM
Görəndə ilk dəfə gözlərim səni,
Elə bil, dünyanı verdilər mənə.
Yol boyu izlədi izlərim səni,
Beləcə, bir anda vuruldum sənə.
O zaman çiçəkli bir bahar idi,
Küçədən ötərdin arabir… hərdən.
Sənin də gözlərin mənə baxardı…
Bir sevgi umardım o şən gözlərdən.
Sonralar görüşdük…hər gün, hər axşam
Gözlər dediyini ürəklər dedi…
Sən getdin xəbərsiz…sənin adından
”Əlvida!” sözünü küləklər dedi…
Gözlərim hələ də axtarır səni,
Axtarır..tapmayır…qəlbim odlanır.
Gəl, sil qəlbimdəki qəmi-qüssəni,
Gözlərim özünü günahkar sanır…
Noyabr, 1981
SƏNSİZLİYƏ DÖZMƏZ ÜRƏK
Saçlarında əlim gəzdi
Sərin səhər küləyitək.
Söylədi ki, — əlini çək!
Dedim:-Sevgim cavabsızdır,
Gülüm, axı dözmür ürək.
Gülümsədi:-Qəlbi kövrək.
Dedim:-Söylə, mən neyləyim?
Artıq məndə yoxdur dözüm.
Dedi:-Xoşdur, bu son sözün.
Uzaqlaşdım bircə addım –
Pıçıldadı kövrək-kövrək:
-Sənsizliyə dözməz ürək…
Sentyabr, 1983
GƏLƏYDİN BARI
Üşüdür hicranın soyuq nəfəsi,
Yatağım elə bil buza dönübdür.
Rahatlıq verməyən həsrətin sənin
Yarama basılan duza dönübdür…
Gözümü yümüram göz önündəsən,
Bəs niyə əllərim çatmır əlinə?
Niyə danışmırsan, niyə gülmürsən,
Niyə gətirmirsən bir söz dilinə?..
Yuxumu özünlə aparıb yenə,
Hara üz tutmusan bu gecə yarı?
Bir göz qırpımında yox olan nigar,
Yuxumla qayıdıb gələydin barı…
May, 1987
SƏNSİZ YAMAN DARIXMIŞAM VƏTƏNİM
( Moskva-Bakı qatarında)
Gəlirəm diz çöküm, səcdə eyləyim,
Könül açım, hər dərdimi söyləyim.
Görüşünə tələsməyim, neyləyim? –
Sənsiz yaman darıxmışam, Vətənim!
Var-dövlətim Nizaminin “Xəmsə”si,
Təsəllimdir Səmədin hər kəlməsi,
Gəl-gəl deyir muğam səsi, tar səsi –
Sənsiz yaman darıxmışam, Vətənim!
Sevincimi böləcəyəm anamla,
Gözü yolda qalan nazlı sonamla,
Öz elimlə, öz yurdumla, obamla –
Sənsiz yaman darıxmışam, Vətənim!
Dekabr.1987
HAQLILAR DÖVRANI DEYİL BU DÖVRAN
Qarabağ başına qara bağlayıb,
Hər ocaq başında ana ağlayıb.
Düşmən təcavüzü qəlblər dağlayıb –
Haqlılar dövranı deyil bu dövran.
Yersiz zəbt eləyir, yerlisə qaçır,
Qaçdıqca əlini göylərə açır.
Ev-eşik mərmidən dağılır, uçur –
Haqlılar dövranı deyil bu dövran.
Qocalar, analar, qızlar, körpələr,
Dağlara sığınar, daqlar kövrələr.
Açıb başımıza fələk gör nələr…
Haqlılar dövranı deyil bu dövran.
Gah yağış, gah dolu, gah da qar yağır,
Soyuqdan qan donur, gözdən yaş axır.
Dərdimiz dünyanın özündən ağır…
Haqlılar dövranı deyil bu dövran.
Ağlaya — ağlaya layla çalan kim,
Bir tikə çörəyə həsrət qalan kim,
Babəkin yurdunu gör bir alan kim?…
Haqlılar dövranı deyil bu dövran.
Torpağın taleyi öz əlimizdə,
Həzilər, Mehdilər öz elimizdə,
Hər yükü çəkərik öz belimizdə…
Haqlılar dövranı deyil bu dövran.
Vətən, Odlar yurdu, sinən yaralı,
Dindirən yaralı, dinən yaralı.
Dünya həqiqətdən, haqdan aralı…
Haqlılar dövranı deyil bu dövran,
Düşməni əzməsək sağalmaz yaran.
1992.
DÜŞDÜ
Qəlbində doğulan o yaş damlası,
Gözündən süzülüb gözümə düşdü.
Çiçək tək ətirli ipək saçların
Kədərdən qıvrılıb üzümə düşdü…
Dişim həyacandan dilimi kəsdi,
Bu hicran gecəsi bir düşmən qəsdi.
Büz oldu əllərin…dizlərin əsdi…
Titrətmə dizindən dizimə düşdü…
Baxmadan arxaya baş alıb getdin,
Eşqindən qaçaraq sən hara yetdin?
Yox oldu izlərin… iynətək itdin…
Həsrətin o gündən izimə düşdü…
Sevgi dünyamızı buludlar aldı,
Ayrılıq saf canı min dərdə saldı…
Yazdığım məktublar ünvansız qaldı –
Şerimə, sətrimə, sözümə düşdü…
Oktyabr, 2014
UNUT MƏNİ
İstədim unudam…Yer-göy ağladı,
Ürək sızıldadı, həsrət çağladı,
Məhəbbət boynuna kəndir bağladı…
Bir də deyirsən ki, gəl unut məni…
At üstündən gülüm, hicran daşını,
Gəl ağrıtma, sən taleyin başını,
Gizlədə bilmirsən o göz yaşını –
Bir də deyirsən ki, gəl unut məni…
Düz yolda yolunu azıb gedirsən,
Eşqinə məzarı qazıb gedirsən,
Qəlbimə adını yazıb gedirsən –
Bir də deyirsən ki, gəl unut məni…
Dekabr, 2014
ÜRƏK AĞRIMASIN, AXI NEYLƏSİN
Yaxın qalıb, əl uzağa yetəndə,
Hörmət, izzət aralıqda itəndə,
Güllər arasında qanqal bitəndə
Ürək ağrımasın, axı neyləsin?
Bu nə sirrdir…Dəyişibdir zaman da,
Yaxşılığa sinə gərir yaman da.
Şirin dildən acı zəhər damanda
Ürək ağrımasın, axı neyləsin?
Paxıllıq, hərislik alır insanı,
Pul, tamah toruna salır insanı,
Haqsızlıq ilantək çalır insanı,
Ürək ağrımasın, axı neyləsin?
Mərdi qova-qova namərd edəndə,
Hər addım ataraq xeyir güdəndə,
Dost-qardaş dünyadan cavan gedəndə
Ürək ağrımasın, axı neyləsin?
Barmaq uzadırsan, qırılır bilək,
Diz üstə qoyulur kəsilən çörək,
Puça çevrilirsə hər arzu-dilək,
Ürək ağrımasın, axı neyləsin?
Düzü inkar edir, baxır üzümə,
Yalanı barmaqla, soxur gözümə.
Şübhəylə baxıram özüm-özümə…
Ürək aqrımasın, axı neyləsin?
Ata-anasına zidd gedir övlad,
Yadlar yaxın olur, doğmalarsa yad.
Kiçik böyüklərə tutursa irad,
Ürək ağrımasın, axı neyləsin?
Allahdan Allahlıq istəyir bəndə,
Dəli ağıllını salır kəməndə,
İtə arxalanıb küçük hürəndə,
Ürək ağrımasın, axı neyləsin?
Qarabağ torpağı düşmən əlində,
Fizuli, Kəlbəcər…elin dilində,
Xocalı bir dağdır xalq ürəyində-
Ürək ağrımasın, axı neyləsin?…
2015
AĞARAN SAÇLAR
Sevgi dünyamızın günəşi, ayı,
Ötürdüm baharı, ötürdüm yayı,
Sənli günlərimin azalır sayı –
Sənsiz günlərimdir ağaran saçlar…
Hər başı qarlı dağ Savalan deyil,
Yarpaq var qışda da saralan deyil.
Qayıdıb gəlsən də qaralan deyil –
Sənsiz günlərimdir ağaran saçlar…
Vərəq aciz qalar söz qabağında,
Qızılgül saralar özgə bağında.
Ömrümün təqvimi göz qabağında –
Sənsiz günlərimdir ağaran saçlar.
Noyabr, 2015
YA RƏBB, UNUDARMI SEVƏN-SEVƏNİ
Əvvəl düşündüm ki, bu sən deyilsən,
Səsin telefonda yaman dəyişib…
Fələk öz səhvini başa düşübmü –
Yoxsa ki, dövr edən zaman dəyişib?…
Danışa-danışa qanad açaraq,
Ötuz il əvvələ qayıtdıq bu gün…
Qəlbdə mürgüləyən xatirələri
Bircə an içində oyatdıq bu gün…
Bir-bir vərəqlədik sevgi əsərin,
İlk baxış, ilk görüş kaş olmayaydı…
Uzaqdan-uzağa kövrələn xanım,
Gözündən süzülən yaş olmayaydı…
Utana-utana titrək səsinlə,
Deyirsən:-unuda bilmirəm səni…
Otuz il çəkilən o həsrət ilə,
Ya Rəbb, unudarmı sevən-sevəni?…
Noyabr, 2015
GÜNAHKAR SANIRAM ÖZÜM-ÖZÜMÜ
Həsrət hisslərimi əlimdən alır,
Təkcə xatirələr yadımda qalır.
Damla da gözümdə xəyala dalır…
Yaza bilməyirəm sənə sözümü,
Günahkar sanıram özüm-özümü…
Sətirlər gözümdə pozulur… itir…
Daha son görüşdür…özünü yetir.
”Sevirəm” kəlməsin dilinə gətir –
Bəlkə rahat olam, yumam gözümü,
Günahkar sanıram özüm -özümü…
Ağrılar, acılar içimi burur,
Qəlbim gah dayanır, gah da ki, vurur.
Ayrılıq başımın üstündə durur…
Gəl, Gülüm, sevgiyə çevir üzümü,
Bəlkə rahat olam, yumam gözümü…
Günahkar sanıram özüm-özümü…
Yanvar, 2016.
QƏDRİNİ BİL, SƏN
Sənə bu dünyanı nəsib eyləyən,
Ananın, atanın qədrini bil, sən.
Ayağın büdrəyib yıxılan zaman,
Qolundan tutanın qədrini bil, sən.
Düşmən qarşısında başını əymə,
Heç yerdə, heç zaman özünü öymə,
Namərdin, nankorun qapısın döymə,
Dadına çatanın qədrini bil, sən.
Çalış məclislərdə bil, öz yerini,
Açma hər yetənə ürək sirrini,
Özünki bilərək sənin dərdini,
Dərdinə qatanın qədrini bil,sən.
Bel bağlama Abbas, dünya malına,
Dünya heç vaxt yanmaz sənin halına.
Aldanma, gözəlin xoş camalına,
Könlünə yatanın qədrini bil,sən.
Mart, 2016
MƏN SƏNİ ÇAĞIRMADIM
Mən səni çağırmadım,
Ay ömrümün payızı.
Dayanmısan qarşımda
Çağrılmamış qonaq tək,
Yerə baxıb susursan
Bir günahkar uşaq tək.
Mən səni çağırmadım…
İstədim cavan qalam.
Ömrümün ən sevimli
Baharını, yayını
Yaşayıb ləzzət alam…
…Dözmədi bu tənəyə,
Dedi:-Qulaq as mənə.
Tam ömür dörd fəsildir –
Yazı,yayı yaşadın,
Payızına da sevin…
Ömrün xəzan fəslində
Ata-ana arzusu –
Övladların toyu var…
Allah qismət eləsin,
Hələ qabaqda qış var,
Şaxtası var, qarı var.
Amma bu soyuq fəslin
Nəvə-nəticələr tək
Şirin-şirin barı var.
Bu bir ömür ilində
Hər fəslin öz yeri var.
Mən səni çaqırmadım…
Əcəb edib gəlmisən.
Sənin bu gəlişinlə
Bəlkə aqıl da gələ…
Bu bir ömür ilinin
Hər fəslinə sevinəm,
Yaşayam gülə-gülə…
Bir yanar şama dönüb
Hər günümü, anımı
Yaşayam gilə-gilə…
Aprel, 2016.
YARALA QƏLBİMİ GÖZƏL, YARALA
Az qalır gözümdə dünya qarala,
İntizar gözlərin kökü sarala,
Vurduğun yaralar saysız-hesabsız…
Bu qədər sevən də zülmkar ola? –
Yarala qəlbimi gözəl, yarala!!!
Sərin bir güşədə hördüm bir qala,
Dedim:- o qalada bəlkə yar qala,
Mən yar görməmişəm belə insafsız –
Vurduğu yaradan yar ləzzət ala…
Yarala qəlbimi gözəl yarala!!!
Xoşbəxtdir o insan, könlün yar ala,
Xöşbəxtdir, o qəlbdə yar nəğmə çala…
Asta vur mizrabı bu sınıq saza,
Qorxuram bu sazın teli qırıla…
Yarala qəlbimi, gözəl,yarala!!!
Razıyam, Əzrayıl xəyala dala,
Elə yar canını, belə yar ala…
Vurduğun oxları zəhərə batır! –
Bəlkə də çatıbdır əcəl…yarala!!!
Yarala qəlbimi, gözəl yarala!!!
İyun, 2016
AZAD ET
Oynadıb qəlbimi bir oyuncaqtək,
İndi ki, doymusan…kənara tulla…
Onsuz da əlimdən almısan mənim-
Bu canım əzabdan bəlkə qurtula…
Nə qədər səndədir, yaxşı bax ona,
Dəyərli, qiymətli bir əsərdi, O.
Dahi Yaradanım yaradıb onu,
Bəndənin əlində bir əsirdi, O.
Tapdasan günahdır – O əmanətdir,
O dahi varlıqa qayıtmalıdır…
Tanrım öz möhrünü vurubdur ona,
Yatsa da nə vaxtsa ayıtmalıdır…
Azad et, əfv eylə…Gör neçə ildir,
Eşqin zindanında məhbusdur qəlbim.
Nə sənə, nə mənə, nə də dünyaya –
O dahi varlığa məxsusdur qəlbim…
İyun, 2016
SEVƏNLƏRİN MƏSKƏNİ
Xəzərin sahilində
Bir gözəl söyüd vardı…
Uzun qıvrım saçları
Yeri qucaqlayardı.
”Sevənlərin məskəni”,-
Deyərdilər adına.
Uzun illər ötsə də
Tez-tez düşər yadıma…
Yağış yağası olsa,
Bizə çətir tutardı.
Hava qəmli olanda
Özü də ağlayardı…
Deyərdin:-ayrı düşsək,
Bu söyüdün yanında
Səni gözləyəcəyəm —
Hətta yetmiş yaşında.
Qırılmazdı ümidim
Hər gələndə Vətənə-
O söyüdün altında
Bəlkə rast gələm sənə.
Çox oldu belə anlar…
Sayı – hesabı itdi.
O ”Sevgi məskəni”nin
Sən demə, ömrü bitdi…
Bir vaxt gəldiyim zaman,
Səntək görmədim onu…
Kimlərin əli qıydı? —
Səntək itirdim onu…
Xəzərin sahilində,
Bir gözəl söyüd vardı…
Uzun qıvrım saçları
Yeri qucaqlayardı…
Avqust, 2016
SƏN YADIMA DÜŞƏN ZAMAN
Gecə zülmət…ay da batar
İlan vuran bəlkə yatar.
Dünya dərdin mənə satar —
Sən yadıma düşən zaman.
Xəyalımda o ilk görüş,
O ilk sevda…o ilk öpüş…
Nə çəkirəm?…məndən soruş –
Sən yadıma düşən zaman.
Sevgin mənə haram oldu,
Sənsiz günlər yaram oldu,
Dərdə dərdmi çarə oldu?..
Sən yadıma düşən zaman.
Göz yaşını qələm tokər,
Yazıq vərəq… nələr çəkər,
Gözlərim dan yerin sökər —
Sən yadıma düşən zaman…
Avqust, 2016
NƏ YAXŞI
Dedilər, uzaqdan gələn o yardır…
Tələsə-tələsə yığdım gül-çiçək.
Dolaşa-dolaşa qıçım-qıçıma,
Qaçdım qarşısına xırda uşaqtək.
Çata-çat ayağım daşa ilişdi,
Yıxıldım…əllərim uzana qaldı.
Ayağı altına düşdü gül-çiçək,
Tapdadı…göz ucu bir nəzər saldı.
Yer-göy ağladımı? — başladı yağış,
Palçığa bulaşdım, çırpındım xeyli…
Yar ötdü yanımdan…ətrini duydum,
Baxdım arxasınca…amma nə xeyri?..
Ayıldım…bürküdən su içindəyəm,
Nə yaxşı, bu həsrət yuxusu imiş…
Otağı bürüyən təravət ətri
Eyvanda güllərin qoxusu imiş…
Nə yaxşı, bu həsrət yuxusu imiş…
Avqust, 2016
MƏN SƏNİ SEVƏNDƏ, GÜLÜM
Dünya tamam başqa idi,
Ağıl hələ başda idi…
Sevgim uşaq yaşda idi —
Mən səni sevəndə, Gülüm.
Gülüşün bir inci idi…
Bu eşq dünya sevinciydi…
Taleh də məndən incidi —
Mən səni sevəndə, Gülüm.
Sevgimizə dəydi nəzər,
Ayrılıqdan aman…həzər…
Ayağımı dağ-daş əzər
Mən səni sevəndə, Gülüm.
Məhəbbətim yaşa doldu…
Yandı bu qəlb…kömür oldu…
İllər ötüb ömür oldu…
Mən səni sevəndə, Gülüm.
Avqust, 2016
ATA EVİ
İstər təmtəraqlı sarayda yaşa,
Divarlar bürünsün qızıla, qaşa,
İstər kef içində ömrü vür başa…
İnsana ən əziz ata evidir.
Bəzən gecələr də girər yuxuna,
Gah şirin xəyallar çəkər yaxına,
Həsrəti od vurar inan, çoxuna —
İnsana ən əziz ata evidir.
Hopub divarlara ata nəfəsi,
Ananın laylası, ananın səsi,
Bacı-qardaşların deyib-gülməsi…
İnsana ən əziz ata evidir.
Dağ çəkər qəlblərə yadlara qalsa,
Bağında gül-çiçək saralsa, solsa,
Uçulan, dağılan daxma da olsa,
İnsana ən əziz ata evidir…
Oktyabr, 2016
ÖZÜN DEYƏRDİN Kİ
Deyirlər,keçmişə qayıtmaq olmaz,
Hər gecə keçmişə qayıdan mənəm…
Hər səhər günəşin şəfəqi olub,
Öpüb gözlərindən oyadan mənəm…
Kədərli anında, qəmli halında
Gözündən süzülən o damcı mənəm.
Deyirsən,arada ürəyim sancır,
Bəlkə də o ağrı, o sancı mənəm…
İpək saçlarını tez-tez oxşayan,
Gah sakit, gah dəcəl o külək mənəm.
Nəinki o ağrı…Həsrətdən gülüm,
Sinəndə sızlayan o ürək mənəm-
Özün deyərdin ki, sən ürəyimsən…
Oktyabr, 2016
YADA SAL MƏNİ, GÜLÜM
Günlərin ötsə hədər,
Yuxunu qovsa kədər,
Gecəni sübhə qədər
Yada sal məni, Gülüm.
Sən yaramı qanadan,
Mən əlindən qan dadan,
Uç yanıma – qanadlan,
Yada sal məni, Gülüm.
Göydə şimşək çaxarsa,
Narın yağış yağarsa,
Yaş yanaqdan axarsa,
Yada sal məni, Gülüm.
Soyuq payız axşamı,
Yandır bir cüt ağ şamı…
Bəs qələm, vərəq hanı?
Yada sal məni, Gülüm.
Yazan zaman bir sətir,
Ah çəkib bir köks ötür.
Yanıma pənah gətir…
Yada sal məni, Gülüm.
Bircə gün bu an kimi,
Xəyala dalan kimi,
Mən yada salan kimi,
Yada sal məni, Gülüm.
Oktyabr, 2016
DÜZ SÖZDƏN YAPIŞ
Gəl, seçmə, həyatda sən əyri yolu,
Düz yolda azmazsan, gəl düzdən yapış.
Həyat haqsızlıqla doludur, dolu,
Hər dağa güvənmə, sən düzdən yapış.
İnsan var, qızıldan yazılar bəxti,
İnsan var, qırılar bəxtinin taxtı,
Min xeyir gəlsə də bir gecə vaxtı,
Gecəni rahat yat, gündüzdən yapış.
Nəfsinə qul olma, qaçma dalınca,
Yara bel bağlama, sənin olunca,
Tamah nəzərini Aya salınca,
Tox gözlə bir xırda ulduzdan yapış.
Ay Abbas, var-dövlət gəldi-gedərdi,
Sanma, yaşadığın ömür hədərdi.
Gözəl söz cəvahir, gözəl söz zərdi –
Sözünə diymət ver, düz sözdən yapış.
Noyabr, 2016
GƏL…SƏNƏ SƏNDƏN DANIŞIM
Ayrılanda qəhər boğdu,
Deyə bilmədin sözünü…
Fələkdən kömək istədin,
Fələk də yumdu gözünü.
Eşqin sınıq güzgüsündə
Tanımadın sən özünü…
Gəl…Sənə Səndən danışım…
Xəyalımda oğrun-oğrun,
Baxıb mənə güldüyündən,
Gecələri gizlin-gizlin,
Yuxuma da gəldiyindən,
Ürəyimdə həsrətimin
Göz yaşını sildiyindən…
Gəl…Sənə Səndən danışım.
Bilirsənmi, mən hardayam?
Zülmətdəyəm…çıraqsızam.
Ayrılıq əli silahlı,
Mənsə Gülüm,yaraqsızam.
Uzun illər görməsəm də
Mən özüm çox maraqsızam-
Gəl…Sənə Səndən danışım…
Günlər, aylar, illər keçir…
Yavaş-yavaş ötür yaşım.
Xatirələr mürgüləyir –
Pozulmasın kaş yaddaşım.
Qorxuram ki, gec gələsən…
Qorxuram ki, sonra çaşım –
Sənə özgədən danışım…
Mart, 2017
BU GÜN İLK GÖRÜŞ GÜNÜMÜZ
Bu gün ilk görüş günümüz,
Elə bilmə, yaddan çıxıb.
Xəyalımda bir qız gəzir,
O qız sanki oddan çıxıb.
Baxışından od ələnir,
Hey yandırır bu od məni.
Gecə-gündüz ağlasa da
Söndürəmməz bulud məni.
Elə bil ki, dünən idi…
Axı nə tez keçdi illər.
Yaz da ötdü, yay da ötdü –
Qışa döndü xoş fəsillər…
Bu gün ilk görüş günümüz,
Elə bilmə yaddan çıxıb…
Xəyalımda bir qız gəzir,
O qız sanki oddan çıxıb…
Elə bilmə yaddan çıxıb…
May, 2017
YERALTI KEÇİDDƏ AYRILDI YOLLAR
Yeraltı keçiddə ayrıldı yollar,
Sən sağa yönəldin, mən isə sola…
Biz hardan biləydik elə bu zaman
Ömürlük ”Əlvida!”- dedik vüsala…
Bu ülvi sevgini bəxş edən Allah,
Bizi görmədimi yerin altında?..
Günahmı sayıldı sevib-sevilmək-
Fərmanmı verıldı göyün qatında?..
Metronun içində bu qəfil görüş
Nə sənə, nə mənə lazım deyildi.
Bizim aramızda bir neçə addım…
Amma atılası addım deyildi…
Qadağan etmişdi atan görüşü,
Demişdin:-ayrılaq biz bir il yarım…
Niyə razılaşdım o vaxt səninlə?-
Niyə biz ayrıldıq bir ömür, yarım?…
Keçid divarından… sənin gözündən…
Mənim ürəyimdən… yaş axır indi…
Basdırdıq sevgini yerin altında –
Ruhu qəlbimizdə yaşayır indi…
Avqust, 2017
MƏNDƏN ŞEİR İSTƏ SƏN
Deyirsən, bircə dəfə
De ki,”Sevirəm səni”.
Ömrün bu payız fəsli
Gəl sevindir sən məni…
”Sevirəm” kəlməsini
Gülüm, mən unutmuşam.
Bu sözü hicran günü
İçəriyə udmuşam…
İndisə gündüzləri
Düz yolda da azıram.
Gecələri yatmayıb
Sənə şeir yazıram…
Hər şerimin misrası
Gülüm, bar-bar bağırır.
Xatirələr dil açır,
Hər gün səni çağırır.
Mənim bu lal dilimdən
Sən eşitmək istəsən
”Sevirəm” kəlməsini –
Məndən şeir istə sən…
Misralarımda axtar
O ”Sevirəm” sözünü.
İnan, orda taparsan
Həm məni…həm özünü…
Həm ”Sevirəm” sözünü…
Sentyabr, 2017
VƏTƏN HƏSRƏTİNƏ ÇƏTİNDİR DÖZMƏK
Can atmayın qürbət elə cavanlar,
Qürbət eldə yalnız gözəldir gəzmək.
Yaşamaq çox rahat olsa da belə,
Vətən həsrətinə çətindir dözmək.
Bir də görərsən ki, yaş ötüb keçir,
Dünya yavaş-yavaş günləri biçir.
Hicran bir zəlitək qanını içir…
Vətən həsrətinə çətindir dözmək.
Yadına düşəndə gözlərin dolar,
Həsrət intizardan saçını yolar,
Kimisi saralar, kimisi solar –
Vətən həsrətinə çətindir dözmək.
Nə qədər çox ola varın-dövlətin,
Vətənsiz kasıbsan, yoxdur sərvətin…
Vətəndə Vətənin bilək qiymətin –
Vətən həsrətinə çətindir dözmək.
Noyabr, 2017
BU PAYIZ DA SƏN GƏLMƏDİN
Yarpaqlar dən-dən töküldü,
Dərd çuxam sap-sap söküldü,
Həsrətim qat-qat büküldü…
Bü payız da sən gəlmədin.
Xəzan yeli yaman əsdi?
Yağışmı de yolu kəsdi?
Çox gözlədim daha bəsdi…
Bu payız da sən gəlmədin.
Vədin sənin adi sözmüş,
Hər nazına Abbas dözmüş.
Payız özü artıq bezmiş…
Bu payız da sən gəlmədin…
Oktyabr, 2018
QARLI GECƏ
Ay işığı…Qar da yağır…
Xatirələr ağır-ağır…
Yarı görsən məni çağır –
Qarlı gecə…Qarlı gecə…
Soruşma sən, halım necə?
O vaxt tez-tez görüşərdik,
Buz üstündə sürüşərdik,
Arzuları bölüşərdik…
Qarlı gecə…Qarlı gecə…
Hanı düz ilqarlı gecə?
Gah qartopu biz oynardıq,
Gah əl-ələ fırlanardıq,
Qar üstünə uzanardıq…
Qarlı gecə…Qarlı gecə…
Söylə, hanı yarlı gecə?
Bəlkə O da pəncərədən
Baxır çölə saçları dən…
Sual yağır gözlərindən:
-Qarlı gecə…Qarlı gecə…
Bu hicrana dözüm necə?..
Noyabr, 2016
NƏ SƏN SƏNSƏN…NƏ MƏN MƏNƏM
İlk eşqimin ilk sonası,
Eşq oduna biz yanası,
Görüşməyin nə mənası? –
Nə sən sənsən…
nə mən mənəm…
Xəyalımda bir qız gəzir,
Bir oğlan da yalqız gəzir.
Hər ikisin hicran üzür…
Nə sən sənsən…
nə mən mənəm…
Saçlarıma düşübdü dən,
Gözlərimə duman və çən.
Gəl incimə, gülüm məndən? –
Nə sən sənsən…
nə mən mənəm…
Yana-yana sönürük biz,
Xatirəyə dönürük biz.
Nağıllaşır bü sevgimiz –
Nə sən sənsən…
nə mən mənəm…
Dekabr, 2016